"Günə 20-30 manat qazanırıq" - Astarada ilk çay yığımı - RTV

Astaranın yaşıl çay sahələrində mövsümün ilk və bərəkətli dövrü başlanıb. May ayının ilk günlərindən müşahidə edilən yağıntılar və əlverişli hava şəraiti yaşıl çayın yığım prosesinə bir qədər gecikmə ilə başlanmasına səbəb olsa da, torpağın becərilməsi, kollara qulluq və alaqların təmizlənməsi uğurla başa çatıb. İndi isə növbə çay yığımına gəlib çatıb. Əllə aparılan bu zəhmətli iş, yerli sakinlər üçün əsas gəlir mənbəyidir.

Vəfa Qasımova adlı fermer bildirir ki, 15 ildən çoxdur bu təsərrüfatda çalışır və çay yığımından əldə etdiyi gəlir onun üçün əsas məşğuliyyətdir. O, həmçinin qeyd edir ki, hər yığımda 3-4 ton, bəzən isə 3-4 tondan artıq çay yığılır. Hava şəraitindən asılı olaraq, bu proses davam edir və növbəti 10 gün ərzində də davam edəcəyi gözlənilir.

İlham Rəfiyev adlı alim-aqronom isə bildirir ki, ümumi çay plantasiyasının sahəsi 232 hektardır. Bu ərazidə Kalxedə və Hind çin sortları əkilmişdir. Yığım prosesi əsasən əllə aparılır, lakin son zamanlar aqreqatlarla da yığım aparılır. Ötən il rayonda 725 ton yaşıl çay yarpağından 180 ton hazır məhsul alınmışdır.