İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi - RTV

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.