Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün tədbirlər planını təsdiq edib. Dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama görə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamı ilə yaradılmış komissiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasında tədbirlər planının birinci hissəsində nəzərdə tutulan tədbirlər üzrə icra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyən etməlidir. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələsini həll etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası prezidentinin səlahiyyətli nümayəndəliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat verəcək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görmələri həvalə olunub.