Cumhuriyyət Xalq Partiyasının (CHP) Ayvalık Rayon Təşkilatının sədri Hüseyn Şalmanlı vəkili Məhərrəm Sayğı vasitəsilə CHP sədri Kamal Kılıçdaroğlu barəsində intizam araşdırmasının açılması və qəti xaric olunma qərarının verilməsi tələbi ilə müraciət edib. Bu barədə "Global məlumat" xəbər yayıb.
Müraciətdə CHP nizamnaməsinin və intizam əsasnaməsinin bütün partiya üzvləri və orqanları üçün məcburi olduğu vurğulanaraq, heç bir məqamın partiya nizamnaməsi və intizam müddəalarından üstün olmadığı bildirilib. Müraciətdə qeyd olunub:
"Partiyamızın sədri tərəfindən edilən bu haqsızlığı əsla qəbul etmirik. Daxili parçalanmaya səbəb olduğu üçün Kamal Kılıçdaroğlunu İntizam Komissiyasına da şikayət edirik."
Şikayət ərizəsi Ayvalık Rayon Seçki Komissiyasına göndərilib.
Xatırladaq ki, 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CHP-nin mərkəzi qərargahından çıxarılıb. Qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kamal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasına əngəlləyib.
Qeyd edək ki, 21 may 2026-cı il tarixində Ankara Bölgə Ədalət Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CHP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.