2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8,1% artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9,3% olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım faizinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9,2% maaş artımıdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq.
2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci ilə müqayisədə 7,9% çox artım deməkdir.