Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici kəşfiyyat fəaliyyətinin təşkili ilə bağlı normativ hüquqi aktlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün büdcəsinin vəsaiti hesabına təmin edilən Azərbaycan Respublikası xarici kəşfiyyat xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası xarici kəşfiyyat xidmətinin işəgötürülən işçilərinin ştat sayının həddindən dəyişikliklər təsdiqlənib.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası xarici kəşfiyyat xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi qaydasına dəyişikliklər təsdiqlənib. Fərmanda həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.