"Prezidentə sui-qəsd" kitabı təqdim olundu - RTV

15 fevral tarixində jurnalist və yazıçı İlham Tumasın "Prezidentə sui-qəsd" kitabının təqdimat mərasimi keçirilib. Bu, İlham Tumasın səkkizinci kitabıdır. Mərasimdə yazıçı oxucularla görüşüb və imza günü keçirib.

İlham Tumas bildirib ki, "Gizli cinayətlər kitabı" layihəsinin birinci hissəsi Dövlət Təhlükəsizlik Xidmətinin arxiv materialları əsasında hazırlanıb. "Prezidentə sui-qəsd" kitabı isə Respublika Prokurorluğu və Ali Məhkəmənin materialları əsasındadır. Kitabda ulu öndər Heydər Əliyevə qarşı müxtəlif vaxtlarda planlaşdırılan, lakin baş tutmayan terror aktlarından bəhs edilir.

"Təyyarə vurulmalı idi, amma bir təsadüf nəticəsində prezident təyyarəsi başqa bir yerdə eniş eləməli olur və həmin yerdən keçmir. Ona görə də ulu öndərimiz Azərbaycanın o darlıqdan, o çətinlikdən qurtarmaqda davam elədi."

Təqdimatda oxucularla yanaşı, İlham Tumasın qələm və silah yoldaşları da iştirak ediblər. Tədbirdə çıxış edənlər İlham Tumasın Azərbaycanın tanınmış jurnalistlərindən biri olduğunu, onun xatirələrini, müşahidələrini və araşdırmalarını kitaba çevirməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, İlham Tumas birinci və ikinci Qarabağ savaşlarının iştirakçısıdır, həmçinin Murovdağ istiqamətində zabit kimi xidmət edib.

Çıxış edənlərdən biri deyib:

"İlham çox istedadlı, bacarıqlı, qabiliyyətli, vətəninə, dövlətinə, millətinə bağlı, vətənini sevən oğlandır. Həm jurnalist kimi gözəl publisistikası var, yazıçı kimi də gözəl qələmi var. Ona uğurlar arzulayıram."

Kitab Heydər Əliyev şəxsiyyətinə və siyasi irsinə həsr olunub. Müəllif ulu öndərin dövlətçilik fəlsəfəsinə, tarixi roluna və Azərbaycan xalqı qarşısındakı xidmətlərinə diqqət çəkir.

Müəllifin Dövlət Təhlükəsizlik Xidmətinin arxiv materialları əsasında hazırladığı "Gizli Cinayətlər" kitabı da altıncı dəfə nəşr olunub. Hər iki kitab Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.