Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - RTV

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Mayın 10-u Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Ulu öndərin xatirəsi ehtiramla yad edilib. Daha sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dövlət başçısı və birinci xanım tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.