Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi - RTV

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Nəriman Həsənzadə, sizi müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı arzulayırıq".

Məktubda o da qeyd olunur ki, Nəriman Həsənzadə milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq özünəməxsus ifadə tərzi və dəst-xətti ilə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasıdır. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmışdır.

Qayəsini vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərlərinin onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri öz dolğun bədii ifadəsini tapmışdır. Xalqın yaddaşının poeziyadakı əksi olan poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin tale yüklü mühüm hadisələrini və böyük şəxsiyyətləri tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik ruhunda canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və ictimai xadim kimi səmərəli fəaliyyətiniz vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. İnanırıq ki, milli məfkureyə sədaqət və mənəvi saflıq aşılayan yaradıcılığınız gənc nəslin milli mənlik şüurunun formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.