Bakı bu gün "Süni intellekt və insan hüquqları: fürsətlər, risklər və məsuliyyətlər" mövzusunda beynəlxalq sammitə ev sahibliyi edib.
18-19 İyun tarixlərində keçirilən sammitdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə süni intellektin insan hüquqları, imkanları, riskləri və məsuliyyətləri mövzusunda müzakirələr aparılıb.
Tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələri, dövlət orqanlarının və insan hüquqları institutlarının nümayəndələri iştirak edib.
Plenar sessiyada süni intellektin insan hüquqları, fürsətlər, risklər və məsuliyyətlər mövzusunda tanınmış ekspertlər çıxış edib.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun təmsilçisi Vasip Şahin bildirib ki, süni intellekt dünyanın ən vacib gündəm mövzularından biridir və onun tətbiqi ilə bağlı beynəlxalq formatda müzakirələrin aparılması çox əhəmiyyətlidir.
"Bu, təkcə texniki və texnoloji inkişaf məsələsi deyil. Eyni zamanda sosial, mədəni və hüquqi baxımdan mühüm əsasların yaradılmasını tələb edən bir prosesdir."
Moldovanın sabiq ombudsmanı Aureliya Qriqoriu qeyd edib ki, bugünkü sammitin fəaliyyəti bir çox ombudsmanlar üçün mühüm istiqamətverici rol oynayacaq.
"Bu istiqamətdə onlara öz ölkələrində insan hüquqlarının təşviqi və müdafiəsini daha da gücləndirməyə imkan yaradacaq. Eyni zamanda ombudsman institutları tərəfindən irəli sürülən yeni yanaşmaları və prioritetləri təklif etməyə şərait yaradır."
Zambiyanın İnsan Hüquqları Komissiyasının təmsilçisi Pamela Tovela Sambonun sözlərinə görə, dünya sürətlə rəqəmsal hüquqlar və süni intellektə qədəm qoyub.
"Süni intellekt artıq ədliyyə sistemindən səhiyyə sahəsinə qədər insan həyatının bir çox istiqamətinə təsir edir. Onun rolu getdikcə artır. Bu səbəbdən milli insan hüquqları institutları olaraq qarşımızda duran əsas vəzifələrdən biri hər bir insanın məxfiliyi və fundamental insan hüquqlarının bu yeni şəraitdə necə qorunacağını indidən nəzərdən keçirmək və zəruri addımlar atmaqdır."
Bosniya və Herseqovinanın ombudsmanı Yasminika Cumhur vurğulayıb ki, süni intellekt və rəqəmsal transformasiya gələcəyin ayrılmaz tərkib hissəsidir.
"Bu səbəbdən biz yeni çağırışlara cavab vermək, insan ləyaqətini və fundamental insan hüquqlarını qorumaq üçün tədbirlər görməliyik. Süni intellekt və rəqəmsal transformasiya dövlətlər və milli insan hüquqları institutları üçün ciddi bir çağırışdır. İnanıram ki, bu konfransın yekun nəticələri və irəli sürülən qənaətlər burada təmsil olunan bütün ölkələrə süni intellektin yaratdığı imkanlardan səmərəli şəkildə faydalanmaq üçün öz yanaşmalarını formalaşdırmağa kömək edəcək."
Sammit çərçivəsində Azərbaycanla Bosniya və Herseqovina, Azərbaycanla Monteneqro ombudsmanları arasında anlaşma memorandumları imzalanıb.
Yekun olaraq, süni intellekt və rəqəmsal məkanda insan hüquqlarının qorunması, məlumatların mühafizəsi, məxfiliyi və dezinformasiyaya qarşı mübarizə mövzularında panel sessiyaları təşkil olunub.