Bakıda, Goradil qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində polis əməkdaşları tərəfindən 2 yaşlı uşaq tapılıb. Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kamalə Ağazadə məlumat verib.
Kamalə Ağazadə bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Mehtabad Polis Şöbəsi tərəfindən təxminən iki yaşlarında olan uşaq aşkar edilib və rəsmi məktub əsasında sığınacağa yerləşdirilib. Uşağın ilkin baxışda çox çirkli vəziyyətdə olduğu müşahidə edilib. O, müəyyən sözlər desə də, adını deyə bilmir.
"Bəlkə o uşağa heyvanlar hücum eləyərdi, o uşaq xəsarət alardı. Bir körpənin gecə orada qalması nə deməkdir? Düşünürəm ki, ilk olaraq uşağın sığınacaqda qalması, onun hansı sənədlərinin olub-olmadığını araşdırmağımız və əlbəttə ki, Sosial Xidmətlər Agentliyinin vasitəsilə uşaq körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub."
Uşağın səhhəti barədə məlumat verən Ağazadə, onun hazırda bir az burun axması olduğunu, lakin qızdırmasının olmadığını qeyd edib. Qidalanması normaldır, adi yeməklər yeyir və hətta kaşanı belə istəməyib. Əmzikdən istifadə etməsə də, gecə yatanda barmağını sorur.
Son məlumata görə, uşağın valideynləri tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.