Milli Hidrometeorologiya Xidməti 8 may tarixi üçün hava şəraiti barədə proqnozunu açıqlayıb.
Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətdə intensivləşəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz isə 17-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam saatlarında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 10-14 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-12 dərəcə, gündüz 18-20 dərəcə isti olacağı bildirilib.