İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir - RTV

Məşhur milyarder İlon Mask "ChatGPT" süni intellekt sistemini yaradan Open AI şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sam Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Bu barədə "Bloomberg" məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ildə İlon Mask Open AI şirkətinə qarşı iddia qaldıraraq rəhbərliyi qeyri-kommersiya missiyasından yayınmaqda ittiham etmişdi. Ötən çərşənbə axşamı iş adamı Kaliforniya məhkəməsinə əlavə sənədlər təqdim edib. O bildirib ki, məhkəmə iddiasının əsas məqsədi şirkətin ilkin qeyri-kommersiya statusunu qaytarmaqdır. Eyni zamanda Sam Altman və Qreq Brokmanı tutduqları vəzifələrdən kənarlaşdırmaq da tələb olunur.

Mənbənin məlumatlarına görə, İlon Mask və Open AI arasında baş tutacaq hüquqi proses üçün münsiflər heyətinin seçiminə aprel ayında start veriləcəyi planlaşdırılır. Sözügedən iş Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən Oakland Dairə Məhkəməsində baxılacaq.