Bu gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumi təhsil məktəbində xoşagəlməz hadisə baş verib. Məktəbin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılıb.
Bakı şəhəri üzrə təhsil idarəsindən Bakı DVS-nin sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
Məlumatda ictimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinin kliniki tibbi mərkəzindən bildirilib ki, bu gün saat 08:50 radələrində 163 nömrəli orta məktəbdən yıxılma səbəbi ilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxs sol biləyin sınığı diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub.
Almaçıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozu təyin edilən pasientə zəruri tibbi xidmətlər göstərilib. Hazırda həmin şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.