Azərbaycanda narkotikə görə həbs edilən şəxsin qətl törətdiyi məlum olub. Tərtər rayon sakini, 1973-cü il təvəllüdlü Firdovsi Təhməzov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib. Məhkəmənin qərarı ilə o, yeddi il altı ay azadlıqdan məhrum edilib.
2025-ci ildə Firdovsi Təhməzovun daha bir cinayəti üzə çıxıb. Məlum olub ki, o, 2009-cu ildə Rusiyada qətl hadisəsi törətməkdə şübhəli bilinərək barəsində axtarış elan olunub. Rusiya istintaq orqanının ittihamına görə, Təhməzov 2009-cu il yanvarın 15-də saat 2 radələrində Rusiya Federasiyası, Moskva şəhəri, Şelkovskaya şossesi ev 98 ünvanında yerləşən, aşpaz kimi fəaliyyət göstərdiyi kafedə Ukrayna vətəndaşı Vladimir Zubkovu bıçaqlayıb. Zubkov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra Təhməzov Rusiyanı tərk edərək Almaniyaya qaçıb. Rusiya istintaq orqanının təqdimatı ilə Azərbaycanda faktla bağlı cinayət işi başlanıb və iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Təhməzov doqquz il altı ay azadlıqdan məhrum edilib.
Təhməzovun beş il 10 ay 17 gün müddət təyin olunmuş cəzasından çıxarılaraq onun üzərində üç il yeddi ay 13 gün azadlıqda məhrum etmə cəzası saxlanılıb.