9-cular yenidən imtahan verəcək - RTV

Mayın 17-də ümumi orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq, qeyd olunan şəhərlərdə imtahanda iştirak edən və ya imtahana gedə bilməyən şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, təkrar imtahana yalnız qeyd olunan şəhərlərdə keçirilən imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər. 17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir.

İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanı yenidən yaza bilərlər. Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər.

21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçiriləcək imtahana da qatıla bilərlər.