Bu gün Bakı şəhərində yerləşən Türkiyə-Azərbaycan Universitetində (TAÜ) media nümayəndələri üçün infotur təşkil olunub. Tədbir çərçivəsində iştirakçılara universitetin fəaliyyəti, hədəfləri və təhsil imkanları barədə ətraflı məlumat verilib.
İnfo-turdan əvvəl keçirilən məlumat sessiyasında Universitetin Tədris şöbəsinin müdiri Günel Teymurova çıxış edib. O, universitetə qəbul şərtləri barədə danışıb və ixtisasdan asılı olaraq minimum 400 balla qəbul olunmağın mümkünlüyünü qeyd edib. Həmçinin, ali təhsil müəssisəsində mövcud olan ixtisaslar barədə də məlumat verilib.
"Bu universitetin əsas məqsədi ən aşağı bal, 400 bal qəbul alan tələbələr, ixtisaslara görə təbii ki, bu dəyişir. Bizdə qeyri-sənaye sektorunun inkişafı üçün görülən bir fəaliyyətdir ki, bu universitetlərin yaradılmasının əsas səbəbi qeyri-sənaye sektorunun inkişaf etdirilməsi üçündür."
Tədbirdə Türkiyəli müəllim Mutlu Çalışkan universitetdə tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırıb.
"Burada öyrəncilər ilk gəldiklərində bizim ingiliscə təhsilimizi almaq məcburiyyətindədirlər. İngiliscə səviyyəsi yaxşı olan öyrənci əgər bizim hazırlıq atlama sınavından keçərsə, birbaşa birinci kursdan dərsə başlaya bilər."
İnfo-tur zamanı universitetin tədris proqramları, beynəlxalq əməkdaşlıqları və gələcək inkişaf istiqamətləri barədə geniş təqdimat keçirilib.