Əksər hallarda insanlar küçə itlərini görəndə ya yolunu dəyişir, ya da əlində olanı onlara atıb özündən uzaqlaşdırmaq istəyir. Lənkəran şəhər sakini Rafiq Əhmədov isə düz 22 ildir ki, sahibsiz itlərə qayğı göstərir.
Rafiq Əhmədov gün ərzində itlərə 9-10 manat pul xərcləyir. O, xəstə itləri müalicə edir, quduz olmasınlar deyə iynə vurur. Bəzən yaralı itləri Bakı şəhərinə, xüsusən Qaradağa göndərir. Əsasən kiçiklərə daha çox qayğı göstərir ki, onlar insanları xeyirxah biri kimi tanısınlar və gələcəkdə insanlara hücum etməsinlər.
Rafiq Əhmədov bildirib:
"22 ildir bunlarla məşğulam. Hər gün yem alıram, bunlara verirəm. Xəstə itlərə iynə vururam ki, quduz olmasınlar, həm də qaşınmaların qarşısını alır, dərman, iynə vururam. Yaralı itləri Bakıya, Qaradağa göndərirəm. Orada əlaqəm var, öz pulumuzla danışıb göndəririk."
Rafiq Əhmədov əlavə edib:
"Allah-Təala yaradıb biz heç nə edə bilmərik. Allah-Təala yaradıb, yazılıb da Quranda da var ki, biz heyvanlara baxmalıyıq, kömək etməliyik. Ayri şey ola bilməz."
Rafiq Əhmədov vətəndaşlara müraciət edərək hər kəsin əlindən gələni etməsini xahiş edir ki, itlər quduz olmasın və insanlara hücum etməsinlər. Qeyd edək ki, videoda da qeyd olunan Rafiq dayı, demək olar ki, məvacibinin bir hissəsini sahibsiz itlərə xərcləyir.