Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - RTV

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb.

Prokurorluq 26 yaşlı Salican Mehmetin ömürlük həbsə məhkum olunmasını tələb edib. Müttəhim isə məhkəmədəki ifadəsində psixiatriya xəstəxanasına yerləşdirilməsini tələb edib. O, daha əvvəl Bursa Dörtçelik Ruhi Psixoloji Xəstəlikləri Klinikasında 21 gün müalicə aldığını və hələ də dərman qəbul etdiyini bildirib.

Qeyd olunub ki, cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb. Hadisə 3 noyabr 2025-ci il tarixində Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Aralarında yaranan münaqişə zəminində Salican Mehmet qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.

Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır.