Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Qızılqum yolu ərazisində kanalizasiya quyularının ətrafında ciddi deformasiya və çökəklər yaranıb. Sakinlərin sözlərinə görə, bu problem uzun müddətdir davam edir. Bəzən müvəqqəti olaraq aradan qaldırılsa da, sonra yenidən təkrarlanır.
Şikayətçi Gülçin Abdullayeva qeyd edib ki, ərazidəki quyuların hamısı bərbad vəziyyətdədir. O bildirib: "Piyada yolunda lükə var, hamısına zibil basılıb. Keçən dəfə getdim, ayağım düşdü, ayağım. İndi şikəstdirəm, axsaya-axsaya gəzirəm. Üç-dörd gündür bir həftədir ki, alçıpanda da".
Digər bir sakin isə bildirib ki, uşaqlar məktəbə gedib gələrkən yolun qırağı ilə gedirlər. O qeyd edib: "Asfaltla gedə bilmirlər. Yolun qırağı ilə gedirlər, orda da lükənin ağzı açıqdır. İstər-istəməz qış ayında qaranlıq olur və həmin lükələrdə neçə nəfər adamın ayağı əzilib. Neçə dənə uşağı dəfələrlə burdan keçəndə avtobus dəyib, maşın vurub, çünki yolun qırağı ilə gedirlər. Ona görə də lükələrə görə qalıb belə. Dəfələrlə müraciət eləmişik, abadlığa da müraciət eləmişik, dəfələrlə yerə də demişik, yazmışıq, amma heç bir məlumat, heç bir cavab gəlib çıxmayıb bizə".
RTV-nin əməkdaşları ərazidə olan vəziyyəti yerində araşdırıb. Böyük çöləklər və deformasiyalar müşahidə olunur.
RTV-nin jurnalisti Lələ Əliyeva bildirib ki, Pirşağı qəsəbəsində həyata keçirilən abadlıq işləri çərçivəsində kanalizasiya və elektrik infrastrukturunun bəzi hissələri təmir edilib. Lakin layihə başa çatdıqdan sonra kanalizasiya şəbəkələri, rabitə və internet xətlərinin keçdiyi lükələr müəyyən olunmuş qaydaya uyğun olaraq aidiyyəti qurumların balansına təhvil verilib. Bu səbəbdən sözügedən şəbəkələrin istismarı və onlarınla bağlı yaranan problemlərin aradan qaldırılması müvafiq qurumların məsuliyyətinə daxildir.
Rəsmi qurumlar məsuliyyəti üzərinə götürməsə də, real vəziyyət göstərir ki, hər an yeni bədbəxt hadisə baş verə bilər.