Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı - RTV

Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.

RTV-nin Trend-ə istinadən verdiyi xəbərə görə, yoxlamalar əsasən Abşeron rayonu, Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq, qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici, deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.

Son günlər müəllimlər valideynlərə müraciət edərək, uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.

Yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır. Hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.