Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinj Əli Səfər qızının ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğunda ibtidai istintaq aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinj Əli Səfər qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
O, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinj Hüseynova Türkiyə ərazisində saxlanılıb. Onun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Hüseynova Bakı şəhəri 278 nömrəli tam orta məktəbə rəhbərlik edib. O, işində yol verdiyi nöqsanlara görə ötən il vəzifəsindən azad olunub.