Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Qüvvələrin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsində, dəhlizdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları, 5 kvadrat metr sahədə bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb. Bir ədəd dolab və pilləkən qəfəsi 5 kvadrat metr sahədə deformasiya edib. Yataqxana binası yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.