Bakının Suraxanı rayonu ərazisində 38 yaşlı Müslüm Səfərov arvadını döyərək ona ağır xəsarət yetirib.
İttiham aktına görə, hadisə Müslüm Səfərovun arvadına telefonundan çox istifadə etdiyi üçün irad bildirməsi ilə başlayıb. Bu zəmində tərəflər arasında mübahisə yaranıb və qadın ərinə kobud cavab qaytarıb.
Bundan hiddətlənən Müslüm Səfərov yumruq və təpik zərbələri ilə qadına xəsarətlər yetirib. Nəticədə qadının qabırğası sınıb və o, bir sıra başqa xəsarətlər alıb.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında Müslüm Səfərov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən və zərərçəkən şəxslər ifadələrində cinayət təqibinə xitam verilməsini xahiş ediblər. Müslüm Səfərov əməlindən peşman olduğunu və vurduğu zərəri ödədiyini bildirib. Zərərçəkən qadın da həmçinin əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Müslüm Səfərov məsuliyyətdən azad edilib.