Bakıda məktəbdə baş verən hadisə ilə bağlı məlumat verilib. Yasamal rayonunda yerləşən 175 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. Məktəbin 11-ci sinif şagirdi pəncərədən yerə yıxılaraq xəsarət alıb.
Hadisənin səbəbləri barədə müxtəlif versiyalar var. Bəzi şagirdlər bildirir ki, şagird dərsdən qaçmaq istəyərkən yıxılıb, bəziləri isə dostu ilə zarafatlaşarkən hadisənin baş verdiyini iddia edir. Digər versiyaya görə isə, şagird ikinci və ya üçüncü mərtəbədən yıxılıb.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. 2009-cu il təvəllüdlü şagird müxtəlif travmalar diaqnozu ilə kliniki tibbi mərkəzə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti stabildir. Müvafiq şöbələr tərəfindən araşdırmalar aparılır.