Bakıda məktəbdə qoğaldan kütləvi ZƏHƏRLƏNMƏ - RTV

Ötən ay Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi hadisəsi ilə bağlı məlumat daxil olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılıb.

İlkin məlumata əsasən, məktəbin bufetindən qoğal yeyən yeddi şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə edilib. Həmin şagirdlər 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərildikdən sonra şagirdlər ambulator müalicə üçün evə buraxılıblar.

Aparılan yoxlamalar zamanı məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə olunan məhsulların mənşəyini təsdiqləyən sənədlərin mövcud olmadığı, eləcə də saxlama şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.

Eyni zamanda, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət Unlu Qənnadı Məmulatlarının İstehsalı Müəssisəsi"ndə də sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb. Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib.