Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən, Mehdiyevə məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirib. Baxış zamanı müəyyən edilib ki, obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sistemi quraşdırılmayıb.
Həmçinin, qida ilə təmasda olan səthlər yuyula bilən və dezinfeksiyaya davamlı materialla üzlənməyib. Anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin isə korroziyaya uğradığı aşkar edilib.
Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Aparılan sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.
Obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. At əti olduğu müəyyən edilən ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb. Müvafiq icrası məcburi göstərişlər verilib.