Bakıda yanğın: Ölən var - RTV

Bakının Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin mətbəxində qeydə alınıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə və qonşu mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxindəki dolab və soba yanıb. Yanğınsöndürənlər tərəfindən mənzilin sahibi, 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağa Həsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.