Baş nazirdən Bakı-Tbilisi reysi ilə bağlı qərar - RTV

Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı-Tbilisi-Bakı sərnişin qatarının işə düşməsi ilə bağlı mühüm qərar qəbul edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 2026-cı il mayın 25-i saat 00:00-dan etibarən dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycana vizasız giriş hüququ olan xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında sərbəst giriş-çıxışı mümkün olacaq.

Qərarda qeyd edilir ki, bu addım Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpası və sərhəd keçid prosedurlarının daha səmərəli təşkili məqsədi daşıyır.

Məsələnin icrası və texniki-hüquqi tənzimlənməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Dəmir Yolları QSC-yə həvalə olunub. Qurumlar qərardan irəli gələn bütün məsələləri mövcud qanunvericiliyə uyğun şəkildə həll etməlidirlər.