Baş Prokurorluq Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı yeni məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, partlayış nəticəsində ağır xəsarətlər alan həmin tibb müəssisəsinin şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib.
Baş Prokurorluq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş olunub ki, qeyd olunan hadisə ilə bağlı məlumatlar yayarkən yalnız rəsmi mənbələrə istinad edilsin. Təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsi qəbuledilməzdir.