BMW əvvəl “Chevrolet”ə, sonra ağaca və köşkə çırpıldı - RTV

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb. Qəza zamanı ərazidə yolu süpürən 1961-ci il təvəllüdlü Zumrud Qurbanova avtomobil ilə köşkün arasına sıxılaraq həyatını itirib.

Zərərçəkmiş Elman Yusubov hadisə barədə danışıb:

"Gecə saat 4-də zəng elədilər ki, köşkümü maşın vurub. Gəlmişəm ki, darmadağın eləyiblər. Maşın gəlib ordan rolda yatılıb. Ağaca vurub, ağacdan keçib budkaya, qadın da bu maşına dəyib. Xadimə rəhmətə gedib. Süpürgəçi idi, burda rəhmətə gedib. Mən gələndə meyit burda idi. Skor gəldi. Hələ hesablamamışam, yəni qapı darmadağındır, görünür də. Qapısı, bütün budka darmadağındır, aynalar qırıq-qırıqdır. Stoklar hamısı tökülüb qırılıblar."

Zumrud Qurbanovanın Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi olduğu bildirilib. Mərhumun meyiti müayinə olunmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi Publik Hüquqi Şəxsin Gəncə Şəhər Şöbəsinə aparılıb. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.