Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunub. Bu barədə jurnalist Qənirə Ataş özünün İnstaqram hesabında paylaşım edib. Paylaşılan videoda Gülsüm Əliyeva klinik şəraitdə, tibbi formalı geyimdə və əlcəkdə müxtəlif müdaxilələr edərkən görüntülənir.
Hüquqşünas Vüsal Həsənov məsələyə münasibət bildirərək qeyd edib ki, sözügedən paylaşım yeni deyil:
"Həmin paylaşım indi paylaşılmış olsa belə, indiyə aid deyil. Onu doqquz ay öncə də paylaşmışdılar, həmin paylaşımı. Məsələyə də prokurorluqda və Səhiyyə Nazirliyində araşdırma aparılmışdı, hüquqi qiymət verilmişdi. Həmin o video görüntüdəki, video hansı ki paylaşılır, o bir təlimdə çəkilmiş video görüntüdür. Gülsüm xanım da bizim müəssisələrin direktoru olaraq həmin təlimə qatılıb, maraq üçün özü də eləyibdir. Onu da sonradan paylaşıblar maraq üçün, kimlərsə də onu götürüb indi Gülsüm xanıma qarşı istifadə eləməyə çalışırlar, amma bu reallığı əks elətdirmir."
Qeyd edək ki, Gülsüm Əliyevanın adının saxta həkim qalmaqallarında hallanması ilk dəfə deyil.