DYP sürücülərə müraciət etdi - RTV

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftə sonu paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı və yağış yağacağı bildirilir. Qeyd edilən əlverişsiz hava şəraiti yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciətində qeyd edib. Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında ehtimal edilən dumanlı, çiskinli hava görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Həmçinin, küləyin doğura biləcəyi fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını bir daha diqqətə çatdırıb. Bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir. Bu çağırış RTV-nin məlumatında vurğulanır.