Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin müəyyən olunması mexanizmi ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev məsələ ilə bağlı açıqlama verib:
"Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, sui-istifadə olmadan prosesin həyata keçməsinə nail ola bilmişik. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onların əyani müayinəyə dəvət edirik və bu çərçivədə qəbul edilmiş qərarları bir daha yoxlayırıq."
Nazir ötən il ərzində 55 min əlillik təyinatının həyata keçirildiyini və əlilliyi olan 140 min şəxsin reabilitasiyası üçün addımlar atıldığını bildirib. İslahatların ikinci mərhələsi əlillik meyarları ilə bağlı olub. Bu meyarların tam şəkildə yenidən işlənməsi təmin edilib.
Anar Əliyev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyini ilə bağlı imtina alan şəxslərin hər biri ilə fərdi iş aparmağa və şikayətlərini araşdırmağa hazırdır.