RTV-də yayımlanan "Evli kişilər uzaq dursun" adlı verilişdə tanışlıq və ünsiyyət platformalarının təhlükəli tərəfləri gündəmə gəlib. Sosialloq Elçin Bayramlı qeyd edib ki, bu cür platformalarda söhbətlər və təkliflər əxlaqsızlığa və ya qanunsuz münasibətlərə sövq edir.
Bayramlı bildirib ki, bu cür platformalar əsasən cəlbedici təkliflərlə gəncləri və hətta azyaşlıları cəlb edir. O, əlavə edib ki, bu platformalarda təhlükəsizlik tədbirləri yetərli deyil:
"Onlayn tanışlıq platformaları təhlükəsizlik tədbirləri baxımından zəifdir. Belə ki, istifadəçilərin profillərinin həqiqiliyi, əxlaqi dəyərlərə uyğunluğu yoxlanılmır. Bu da istifadəçilərin aldadılmasına, mənəvi və maddi zərərə uğramasına səbəb ola bilər."
Qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən, pornoqrafik materialların yayılması və ya reklam edilməsi cinayət məsuliyyəti yaradır.
Verilişdə nümayiş olunan söhbətlər göstərir ki, bu platformalarda təkcə qızlar deyil, oğlanlar da özünü təhlükəli vəziyyətlərə sala bilər. Məsələn, bir söhbətdə qadın istifadəçi "Salam, kaşki çoxlu pulum olardı, səni də götürüb gederdim gəzməyə. Orda səni gəzdirib sonra da itirib gelerdim" yazıb. Bu cür mesajlar, eləcə də digər təxribatçı təkliflər istifadəçilərin şəxsi həyatına müdaxilə və təhlükə yarada bilər.
Sosialloq vurğulayıb ki, bu platformalarda əsas məqsəd sevgi və ya dostluq deyil, sadəcə pul qazanmaqdır. Söhbətlər zamanı istifadəçilər özlərini qorumaq üçün əlavə "jeton" (pul) xərcləməli olurlar. Bu isə, əslində, bir növ fırədaya bənzəyir.
Qeyd edilib ki, bu cür platformalar qanunsuz fəaliyyət göstərir və onların fəaliyyətinə hüquqi çərçivədə qiymət verilməlidir. İstifadəçilər isə bu cür platformalardan istifadə edərkən diqqətli olmalı, şəxsi məlumatlarını və maliyyə vəsaitlərini qorumaq üçün tədbirlər görməlidirlər.