FHN əhaliyə müraciət etdi - RTV

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib. RTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur. Həmçinin, qeyd edilib ki, belə hava şəraiti yaxın günlər ərzində davam edəcək. Ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısa müddətli sel və daşqının baş verəcəyi bildirilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir, deyə məlumatda vurğulanıb.