Forum ilk dəfə genişmiqyaslı iştirakla yadda qaldı - RTV

Son günlər Azərbaycan üçün, eləcə də qlobal şəhərsalma gündəliyi baxımından mühüm əhəmiyyət daşıyan tədbir baş tutub. Yerli icmaların inkişafı, qadınların şəhərsalma prosesində iştirakının artırılması və daha inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

Məqsəd Azərbaycanın şəhərsalma siyasətini beynəlxalq yanaşmalar və dünya gündəliyi ilə uzlaşdırmaqdır. Bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum 13 / WUF13) 13-cü sessiyasının rəsmi bağlanışına həsr olunmuş mətbuat konfransında Anar Quliyev səsləndirib.

Komitə sədri Anar Quliyev bildirib ki, forum çərçivəsində müzakirə olunan məsələlər şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. O, həmçinin BMT-Habitat tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.

Anar Quliyev qeyd edib:

"Forum gələcək əməkdaşlıqlar üçün mühüm platformaya çevrilib. Bu Şəhərsalma forumları tarixində ilk dəfə belə genişmiqyaslı iştirakla yadda qalıb."

O əlavə edib ki, dünya üzrə icmaların dayanıqlı inkişafına verilən töhfələr xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, "Ağıllı Kənd" konsepsiyası və milli potensialın gücləndirilməsinə yönəlmiş layihələr də forum çərçivəsində diqqət mərkəzində olub.