Göygöl şəhərinin giriş hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Niva və Chevrolet markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.
Həkim Əlikömək Əliyev hadisə ilə bağlı RTV-yə açıqlamasında bildirib:
"Xəsarət almış həmin vətəndaşlar Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım şöbəsinə gətirilərək hospitalizasiya olunmuşdur. Müxtəlif bədən xəsarətləri alan pasientlərə zəruri tibbi xidmətlər göstərilmişdir. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir."
Daha sonra yaralılar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanaya köçürülərək hospitalizasiya ediliblər.
Xəsarət alan şəxslər Göygöl rayonunun Murovdağ qəsəbə sakinləri, 2000-ci il təvəllüdlü Əmrah İsmayılov, 2005-ci il təvəllüdlü Novruz Rüstəmov və 1984-cü il təvəllüdlü Kazım Nəcəfovdur.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.