Həyatına qəsd edən Dr.Gülünün son durumu - Xəstəxanadan açıqlama - RTV

Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbədə Abdullayeva haqqında yeni məlumatlar yayılıb. O, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzə sorğu ünvanlanıb. Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib:

"5 may 2026-cı il tarixində saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürəkbulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb."

Qeyd edək ki, bir müddət əvvəl Gülbədə Abdullayevanın "Uğur 777" klinikasında etdiyi əməliyyat zamanı görüntüləri yayılmışdı. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia edilirdi.

Səhiyyə Nazirliyindən Gülbədə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı Nazirliyin tibb işçilərinin vahid reyestrində yoxdur. Onun tibbi fəaliyyət göstərməyə səlahiyyəti mövcud deyil.