"İdrak" liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumatlar yayılıb. RTV Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə "İdrak" liseyinin rəhbəri Mövsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir. İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda yayılan digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbdən də şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. "İdrak" liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində dörd ay müddətinə həbsqəti imkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.