Bakıda yerləşən "İdrak" Liseyində müəllimə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə edilib. RTV-nin Qafqazinfoya istinadən verdiyi məlumata görə, zərərçəkmiş riyaziyyat müəllimi Şəhla Kamilova şagirdini bağışlayıb və bununla bağlı rəsmi sənədi istintaq orqanına təqdim edib.
Qeyd edilib ki, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələrinə əsasən, ona anlaqlılığı istisna etməyən psixopozuntu müəyyən edilib. Hazırkı rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir. Lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Hadisə bu ilin fevralında "İdrak" Liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gedərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda, 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.