İşə düzəltmək adı ilə milyonluq cinayət şəbəkəsi ifşa olundu - RTV

Bakıda işə düzəltmək adı ilə 42 milyon manatdan çox vəsaitin qanunsuz yolla leqallaşdırılması ilə bağlı məhkəmə prosesi davam edir. İttihama görə, Çingiz Cəfərlinin rəhbərlik etdiyi 11 nəfərlik qrup 2021-2024-cü illərdə Dövlət Vergi Xidmətinin portalında 1419 saxta elektron sənəd rəsmiləşdirərək yalançı sahibkarlıq fəaliyyəti qurub.

Dəlillər göstərir ki, dəstə işə düzəltmək vədi ilə təminatsız şəxslərin, tələbələrin, təqaüdçülərin, hətta narkotik asılılığı olan şəxslərin "Asan İmza" məlumatlarından istifadə edərək onların adlarına yüzlərlə şirkət açıb. Cinayətkar dəstənin üzvləri sonradan bu şirkətlərin sahibkarları və ya direktorları kimi qeydiyyatdan keçirilib.

Təqsirləndirilən şəxslərə dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi açılıb. Məhkəmə iclası iyulun 31-də keçiriləcək.