Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstanın Tibilisi şəhərində Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı həmin ölkənin hüquq-müdafiə orqanları tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı diqqətlə izlənilir.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin zərərcəkmişin qohumunun barəsində müvafiq prosessual tədbirlərin görülməsi və onun saxlanılması, həmçinin cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Hadisənin ictimai əhəmiyyəti və zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq Azərbaycan Baş Prokurorluğu tərəfindən Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlanıb.
Cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılması, bütün halların qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, həmçinin zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində isə zəruri hüquqi yardımın göstərilməsinin təmin olunması istiqamətində iş aparılır.