Milli Hidrometeorologiya Xidməti iyun ayının hava proqnozunu açıqlayıb. İyun ayı ilin ən uzun günləri ilə fərqlənir.
Xidmətdən verilən məlumata görə, bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
İyun ayının ilk günlərində bəzi rayonlarda hava arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23 dərəcə, gündüzlər 27-32 dərəcə isti olacaq. Bəzi günlərdə isə havanın 35-38 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.