Kirli-paslı bufetlər - RTV

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədəki ümumtəhsil müəssisələrində monitorinqlər aparıb. Qurumdan verilən məlumata görə, cari ilin mart ayında 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.

Həmin məktəblərdən 263-ündə ciddi sanitar pozuntular müəyyən edilib. Daha 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkar olunub.

Aşkar edilmiş uyğunsuzluqlarla bağlı yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Məsul şəxslər barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

Məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə, eləcə də Regional Təhsil İdarələrinə məktublar ünvanlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı qərarına əsasən, ümumtəhsil məktəblərində şagirdlərin qidalanması zamanı istifadəsi qadağan olunan məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliyə görə, məktəblərdə istifadəsi qadağan edilən, istifadə müddəti bitmiş məhsulların uşaqlara satılması və ya verilməsi qadağandır.

Həmçinin, məktəblərin yeməkxanalarında sanitar və gigiyenik qaydalara ciddi əməl olunmalı, təqdim olunan qida məhsulları keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməlidir.