Lənkəranda sürücünün idarəetməni itirməsi nəticəsində baş verən yol-nəqliyyat hadisəsində piyada həyatını itirib. Hadisə Lənkəran-Lerik magistralının Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində qeydə alınıb.
Lənkəran şəhəri istiqamətində hərəkətdə olan Nicat Soltanzadənin idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsi, Şağlakücə kənd sakini, 1965-ci il təvəllüdlü piyada Xəzər Fərhad oğlu Şükürovu vurub. Daha sonra "Kia Sorento" yol kənarında hərəkətsiz dayanan "VAZ 2107" markalı minik avtomobilinə çırpılıb. "VAZ" markalı minik avtomobili isə yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində piyada Xəzər Fərhad oğlu Şükürov və sürücü Nicat Soltanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunublar. 61 yaşlı Xəzər Fərhad oğlu Şükürovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi xidmətlər göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.