Magistraturaya qəbul imtahanı yenidən keçiriləcək - RTV

Əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan for-major hal nəzərə alınaraq, Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər.

Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər. Vurğulanıb ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vəsiqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir.

Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.