Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qəti imkan tədbiri dəyişdirilib.
RTV APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qəti imkan tədbiri polis nəzarəti altında olma qəti imkan tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki zərərçəkən şəxsin ümumilikdə 35 min manat dəyərində qızıl zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb. Dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qəti imkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.