Fevralın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mərkəzin fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakının əhəmiyyətini qeyd edib.
Məleykə Abbaszadə imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin uğurla həyata keçirilməsində öz köməyini əsirgəməyən şəxslərə Dövlət İmtahan Mərkəzinin kollektivi adından təşəkkür edib.
Tədbirin sonunda Məleykə Abbaszadə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. DİM sədri 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan və hazırda həbsdə olan Kamran Əsədovla bağlı məsələyə də münasibət bildirib.
Məleykə Abbaszadə bildirib ki, hazırda iki proses gedir və proseslərdə əsasən müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər cəlb olunublar. Onun sözlərinə görə, onlar ictimaiyyətdə həmişə müəyyən çəpər yaradıblar və müxtəlif şayələr, imtahanlar haqqında yalan sözlər danışmaqla reallığı qatışdırırdılar.
Məleykə Abbaszadə əlavə edib ki, kim riyakardır, kim isə düz danışır, bunu xalqımız gördü. O, riyakar insanların təhsil sistemindən uzaqlaşmasını arzulayıb və kurslarda da normal müəllimlərin olmasının vacibliyini vurğulayıb.
DİM sədri bu prosesi izlədiklərini və bütün köçürmə halları təkcə imtahan zalında yox, imtahan prosesi zamanı yox, imtahan nəticələrini emal eləyəndə də xüsusi alqoritmlər əsasında kimin kimdən köçürdüyünü gördüklərini deyib. Belə nəticələr ləğv olunur və bir-birləri ilə əlaqələşdirib görürük ki, bu təkcə köçürmə deyil, hansısa bir mərkəzdən verilən cavablardır. Məleykə Abbaszadə bildirib ki, bu da araşdırılıb və həmin abituriyentlərlə əlaqədar bütün məlumat hüquq mühafizə orqanlarına çatdırılıb.