Bakı Metropoliteninin stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hadisə bu gün saat 12:10 radələrində Ulduz-Nərimanov mənzilində relslərə yüksək gərginliyin verilməsində nasazlıq yaranması səbəbindən baş verib. RTV müxbiri Xanım Cavanşırqızının məlumatına görə, hazırda Bakı Metropoliteni əməkdaşları tərəfindən nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Tunellərdə və stansiyalarda qalan sərnişinlər tez bir zamanda və təhlükəsiz şəraitdə təxliyə olunublar. Verilən məlumata görə, nə əməkdaşlar, nə də sərnişinlər arasında hər hansı bir xəsarət alma faktı qeydə alınmayıb.
Hadisə ilə bağlı RTV-yə danışan sərnişinlər vəziyyəti izah ediblər:
"Elmlərdə idim, 28 May stansiyasına gətirildim. Hər hansı bir xəsarət alan və yaxud halı pisləşən yox idi. Heç bir şey demədilər, gördüm ki, bağlıdır, dedilər ki, bağlanıb metro, mən də çıxdım. Təxminən yarım saatdır buradayam."
Digər bir sərnişin qeyd edib:
"Əcəmidən gəldim, avtobusla gəlmişəm. Əcəmi stansiyasından təxliyə olunmuşam. Qatar tamamilə dolu idi."
Üçüncü sərnişin isə bildirib:
"Dedilər ki, texniki nasazlıq var, ona görə bağlıdır metro."
Hazırda 28 May stansiyasının ətrafında çox sayda insan toplaşıb, əraziyə polis və təcili yardım avtomobilləri cəlb olunub.